Daha dörd sahibkara “Startap” şəhadətnaməsi verilib. Bu haqda 9 martda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verib.
“Startap” şəhadətnaməsi "Push 30" MMC-nin idman zallarının xidmətlərinin satışı üzrə vasitəçilik edən onlayn platforma və mobil tətbiq, "G-khan" MMC-nin müstəqil kuryerlər və sifarişçilər arasında vasitəçi xidməti, “Clickusta” MMC-nin mobil telefon təmiri xidmətlərinin onlayn təşkili ilə bağlı vasitəçi xidməti və “Otobaza Azerbaijan” MMC-nin avtomobil ehtiyat hissələri üçün satış platforması layihələri üçün təqdim edilib.
“Startap” şəhadətnaməsi gəlir və ya mənfəət əldə etmək məqsədilə istehsal olunan innovativ, rəqabətqabiliyyətli və analoqu olmayan məhsul (xidmət) istehsalı üçün təqdim edilir. Mikro və kiçik sahibkarlar şəhadətnaməni aldıqları tarixdən mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunurlar.
Sözügedən şəhadətnaməni əldə etmək üçün sahibkarlar ərizə formasını və lazım olan digər sənədləri yazılı formada və ya elektron qaydada KOBİA-ya göndərməlidirlər.
Bu günə kimi KOBİA tərəfindən 36 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.