Son vaxtlar ölümlə nəticələnən yol-nəqliyyat qəzaları üzrə aparılan araşdırmalar göstərir ki, bu cür hadisələrə sürücülərin sükan arxasında yuxulaması səbəb olur. Bu barədə noyabrın 4-də Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Məlumatda qeyd edilib ki, noyabrın 2-də Qaradağ rayonunda baş verən yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb. Qəzanın səbəbi isə avtomobillərin birinin sürücüsünün sükan arxasında yuxulaması olub.
Dövlət Yol Polisi İdarəsi belə yol-nəqliyyat hadisələrinin yaşanmaması üçün sürücülərdən yorğun, yuxulu, əzgin halda, dərman preparatlarının təsiri altında sükan arxasına əyləşməməyi xahiş edir: “Hər 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin”.
Statistikaya əsasən, 2021-ci ilin 9 ayı ərzində Azərbaycanda 1171 yol qəzası qeydə alınıb. Nəticədə 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb.