Şuşa yaxınlığında Azərbaycan hərbçilərinə qumbara atan erməni Azərbaycana təhvil verilərsə, erməni terrorçuları Rusiya səfirliklərini partladacaq. Bu barədə ermənilərin radikal qruplaşması “Sasna Tsrer”-nin nümayəndəsi Vahaqn Avagyan sosial şəbəkələrdə paylaşım edib.
“Rusiya Norayr Mirzoyanı Azərbaycana versə, növbəti qumbaralar Rusiya qoşunları və səfirliklərinə tərəf atılacaq”, - deyə Ermənistan Telegram kanalları Vahaqn Avagyanın sözlərinə istinadən xəbər yayır.
Təsdiqlənməmiş məlumata görə, Rusiya sülhməramlıları saxlanılan şəxsi erməni tərəfinə təhvil verib.
Rəsmi Azərbaycan bu məlumatı hələ şərh etməyib.
“Sasna Tsrer” 2016-cı ildə Yerevanda girov götürməklə tanınan terror təşkilatıdır.