44 günlük müharibə zamanı Ermənistanın təcavüzü nəticəsində Mingəçevir şəhərində ziyan dəymiş 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb. Bu barədə noyabrın 2-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Erməni təcavüzü nəticəsində 40-dan çox yaşayış evinə ziyan dəyib. Onlardan 1 yaşayış evi yenidən tikilərək sahibinə təhvil verilib, 41 tikilinin təmir-bərpası yekunlaşdırılıb, digər 2 yaşayış evində isə işlər bitmək üzrədir. Yaxın günlərdə Mingəçevir şəhəri üzrə bütün işlərin yekunlaşdırılması nəzərdə tutulur.
Qeyd edək ki, 11 şəhər və rayon ərazisində 13000-dən çox tikiliyə ziyan dəyib. Hazırki mərhələdə 12000-dən çox yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb.