1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Kəlbəcərin Ağdaban kəndində faciə törətdilər. Hadisə zamanı 779 dinc sakinə işgəncələr verilib, 67 nəfər qətlə yetirilib.
Ölənlərdən 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri yandırılıb. Həmçinin 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 5 nəfər isə girov götürülmüşdür.
Soyqırım ermənilər tərəfindən Kəlbəcərin sonrakı dövrdə işğalına şərait yaratmaq məqsədilə həyata keçirilib. Kəndi müdafiə edən kiçik dəstə ermənilər tərəfindən məhv edildiyindən əhali müdafiəsiz qalmışdı.
Erməni quldurları kəndə soxularaq 130-dan çox evi qarət etdilər və tamamilə yandırdılar. Onlar tarix, memarlıq və mədəniyyət abidələrini dağıtmış, müqəddəs ziyarətgah və məzarlıqları məhv etmişdilər. Bundan başqa, aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu olmuş ifaçı Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırılmış və talan olunmuşdur.