“Təqribən 30 illik işğal ərzində Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Ağdam o dərəcədə dağıntıya məruz qalıb ki, onu “Qafqazın Hirosiması” adlandırırlar. Füzuli şəhərinin işğaldan azad olunmasından sonra ordumuz orada bir dənə də salamat bina tapa bilmirdi ki, onun üzərində bayrağımızı dalğalandırsın”, - deyə Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik müzakirələrində çıxışı zamanı bildirib.
Prezidentin sözlərinə görə, Ermənistanın işğalı altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə edilib.
“Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib və oğurlanıb, torpaqlarımız və çaylarımız çirkləndirilib”, - Prezident çıxışında deyib.
Ermənistan Sərsəng su anbarını humanitar və ekoloji terrorizm aləti kimi istifadə etməyə davam edirdi. Qəsdən qış aylarında su anbarını açaraq ətraf ərazilərdə daşqın törədir, yay aylarında isə suyu kəsərək keçmiş cəbhəyanı bölgədə yaşayan insanları və təsərrüfatları sudan məhrum edirdi.
Ermənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisindən keçən hissəsində ekoloji sistemi bərpa olunmaz deqradasiyaya məruz qoyur.
44 gün ərzində Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdılıb və ya onlara ciddi zərər dəyib.