Füzuli rayonunda tarixi əşyalar tapılıb. Onlar bu ərazilərdə tikinti işləri aparan mühəndislər tərəfindən aşkar edilərək muzey əməkdaşlarına təhvil verilib. Bu haqda 1 yanvar tarixində Baku TV məlumat yayıb.
Rayonun Tarix-diyarşünaslıq muzeyinin direktoru bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təkcə mina və sursat yox, həm də muzey əhəmiyyətli tarixi əşyalara da rast gəlinib. Tapılan maddi mədəniyyət nümunələri daha çox orta əsrlərə və 20-ci əsrin əvvəllərinə aiddir.
“Tapılan əşyaların əksəriyyəti mis məmulatlarından düzəldilmiş məişət əşyalarıdır. Eyni zamanda quruculuq işləri zamanı küplər, durna çırağı, xəncərlər aşkar edilirdi. Onlar müxtəlif dövrlərə aid olublar”, - deyə muzeyin direktoru vurğulayıb.
Onun sözlərinə görə, gələcəkdə Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan və digər azad edilmiş ərazilərdə yeni muzeylər yaradılacaq: “Bu yerlərin tarixi sakinləri öz evlərinə köçdükdən sonra muzeylər fəaliyyət göstərəcək”.
Qeyd edək ki, hazırda sözügedən mədəniyyət mərkəzində saxlanılan tapıntılar arasında eramızın I minilliyinə aid əşyalara da rast gəlmək mümkündür.