Fermerlər aldıqları toxumun keyfiyyətini və sertifikatlı olduğunu smartfon vasitəsilə və yaxud “toxum.info.az” portalına daxil olub yoxlaya bilərlər. Bu barədə 20 oktyabr tarixində Kənd Təsərrüfatı Nazirliyinin rəsmi səhifəsində məlumat yayılıb.
Bu məqsədlə artıq toxum partiyaların etiketlənməsinə başlanılıb. Aqrar Xidmətlər Agentliyi tərəfindən keyfiyyəti yoxlanılan partiyalardakı hər bir kisə ayrılıqda etiketlənir. Daha sonra laboratoriya analizlərinin nəticələrinə əsasən sertifikatlaşdırılır. Fermerlər etiketlərin üzərində əks olunan QR kodu smartfonda oxutdurmaqla bütün məlumatları əldə edə bilərlər. Bu proseslərin izlənməsində Blokçeyn texnologiyasından istifadə olunur.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Toxumçuluq haqqında” Qanununa görə Azərbaycan Respublikasında qablaşdırılmamış və etiketləşdirilməmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olmayan toxumların ticarət dövriyyəsinə daxil edilməsi qadağandır.