2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Əfqanıstanla apardığı ticarət dövriyyəsinin həcmi 6 milyon dollardan çox olub. Bu göstərici 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə azdır. Bu barədə Dövlət Gömrük Komitəsinin son hesabatında deyilir.
Cari ildə iki ölkə arasında olan ticari dövriyyənin 6,3 milyon dollarını ixrac, 32 min dollarını isə idxal təşkil edib.
2020-ci ilin məlumatlarına görə, ixrac olunan məhsullar arasında əsas pay neft, şəkər və süd məhsullarının üzərinə düşüb. İdxal isə, demək olar ki, əsasən tikinti materiallarından ibarət olub.
“Son ilin statistikası göstərir ki, iki ölkə ticarət dövriyyəsi sadəcə Azərbaycandan Əfqanistana ixrac üzərində formalaşıb. Göründüyü kimi, Əfqanıstandakı son dəyişikliyin Azərbaycan iqtisadiyyatına hər hansı xüsusı təsirləri olmayacaq”, - son vəziyyəti şərh edərkən millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramlı öz Facebook səhifəsində paylaşım edib.
İki ölkə arasında ticari dövriyyənin ən yüksək həddi 2014-cü ildə müşahidə edilib və 275 milyon dollardan çox təşkil edib.