Sentybarın 17-də Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin iştirakı ilə Göygöl gölünə 1500 körpə forel balığı buraxılıb.
Ölkədə balıq ehtiyatlarının artırılmasına töhfə vermək məqsədilə 2021-ci il ərzində təbii su hövzələrinə 6 milyon 500 min balığın buraxılması nəzərdə tutulub. Balıq körpələrinin təbii su hövzələrinə buraxılışı oktyabrın sonunadək davam edəcək.
Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Göldə balıq növlərindən ancaq forel balıqları yaşayır. Onlar Azərbaycanın digər çay forellərindən xeyli fərqlənir. Onların əmələgəlmə tarixi Göygölün yaranma tarixi ilə bağlıdır. Zəlzələ zamanı gölün ərazisində qalan çay forelləri uzun illər ərzində tədricən göl forelinə çevrilmiş, artıb çoxalmış və zəmanəmizə qədər gəlib çatmışdır.