Kənd Təsərrüfatı Nazirliyi tərəfindən keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi çərçivəsində Goranboyda qadın fermerlərlə görüş keçirilib. Bu barədə 20 dekabr tarixində Nazirliyin rəsmi səhifəsində məlumat yayılıb.
Goranboy rayonunun Boluslu, Fəxralı, Məşədiqaralar və Xan Qərvənd kəndlərindən olan fermerlərə heyvandarlıq və quşçuluq sahələri üzrə mütəxəssislər tərəfindən təlimlər keçirilib. Həmçinin müraciətçi qadınlar İnnovasiyalar Mərkəzi tərəfindən həyata keçirilən “Smart Xanım” layihəsi ilə tərəfdaşlıq çərçivəsində kouçinq sessiyasına da cəlb olunublar.
Layihənin mərhələlərini uğurla tamamlayan 15 qadın fermerlər təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları ilə təmin olunublar.
AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. 112 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib.