Bir müddət əvvəl koronavirusa yoluxan İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev reanimasiyaya yerləşdirilib. Bu haqda APA oktyabrın 18-də məlumat yayıb.
Ağ ciyərinin çox hissəsi zədələnən Vilyam Hacıyev 20 gündür xəstəxanada müalicə olunur. Bu səbəbdən sabiq icra başçısının məhkəmə iclasları təxirə salınıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Vilyam Hacıyevi 2020-ci il 6 may tarixində saxlayıb. O vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı və təkrar rüşvət alma faktlarında ittiham edilir.
Sabiq başçının xidməti və yaşadığı ünvanlarına DTX tərəfindən baxış keçirilib. Nəticədə oradan müxtəlif valyutalarda xüsusi qaydada qablaşdırılmış pul vəsaitləri aşkar edilib.
Şahidlərin ifadələrinə görə, Hacıyev yerli sakinlərdən 140-dan çox əmək haqqı kartlarını əllərindən alıb. Bundan əlavə, icra başçısı rayonun restavrasiya işləri üçün ayrılan pulları mənimsəməkdə şübhəli bilinir.
Sözügedən şəxs 2004-2006-cı illərdə Göygöl, 2006-2012-ci illərdə Samux, 2012-ci ildən isə İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyib.