Bakıda 20 sentyabr tarixində İxtiyar Orucov və Balaxan Hüseynli şəhidin anasından dələduzluq yolu ilə 26 min 800 manat aldıqlarına görə həbs olunublar. Bu barədə DİN xəbər yayıb.
Daha öncə şəhidin anası övladının dünyasını dəyişdiyindən əmin olmadığı üçün Xəzər rayonunda yaşayan “falçı”ya müraciət edib. Həmin şəxs 100 manat pul müqabilində övladının əsirlikdə olduğunu anasına bildirərək onu aldadıb. Sonra falçının oğlu İxtiyar Orucov və şəhidin qohumu Balaxan Hüseynli əlbir olaraq mərhumun ailəsindən guya əsirlikdə olan övladlarını qonşu ölkələr vasitəsilə Azərbaycana gətirəcəklərini söyləyiblər. Bunun müqabilində 100 min manat pul istəyiblər.
Saxlanılan şəxslər şəhidin sağ olmasını sübut etmək üçün fotolarını montaj ediblər. Bu şəxslər qrim ustasına gedərək guya şəhid haqqında sənədli film çəkiləcəyini deyiblər. Balaxan Hüseynlinin qrimlənmiş şəkillərini və videogörüntülərini şəhidin anasına göstərərək onu övladının sağ olduğuna inandırmağa nail olublar. Balaxan Hüseynli səsini mərhumun səsinə bənzədərək bir neçə dəfə İxtiyar Orucovun telefonu ilə şəhidin anası ilə danışıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Saxlanılanlar ifadələrində törətdikləri əməllərini etiraf ediblər.