Son iki-üç həftə ərzində Azərbaycanda yerli kartofun qiyməti artıb. Bu daha çox Gədəbəy və Daşkəsəndə kartofun məhsuldarlığının azalması ilə bağlıdır. Məsələ ilə bağlı 26 oktyabr tarixində haqqin.az araşdırma aparıb.
Araşdırma zamanı müəyyən olunub ki, son vaxtlar bazarlarda yerli kartof sortlarına az rast gəlinir. Ümumiyyətlə bu məhsulun qiyməti son 10-15 gündə 40-60 qəpik bahalaşıb. Yerli Tovuz və Şəmkir kartofunun yerinə bazarda kiloqramı 70-90 qəpiyə olan xarici kartof satılır.
Lakin bazarlarda yerli kartofun kəskin çatışmazlığına baxmayaraq, statistika bunun əksini göstərir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2021-ci ilin 9 ayı ərzində bir milyon tona yaxın kartof yığılıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur.
Gədəbəyin Slavyanka kəndindən olan fermer Vaqif Ələkbərovun sözlərinə görə, ötən illərdə hər hektardan 9-15 sentner kartof yığılırdısa, bu il məhsuldarlıq 1 sentnerdən aşağı olub. “Mən uzun illərdir kartof əkini ilə məşğul oluram, ancaq bu il bazarda bir kiloqram belə sata bilməmişəm, yığdığım məhsulun hamısını öz istifadəm üçün saxlamışam”, - deyə fermer əlavə edib.
Fermer Yolçu Əhmədovun fikrincə, bu mövsüm yalnız suvarmada məhdudiyyəti olmayan iri təsərrüfat sahibləri yüksək məhsul götürə bilirlər. Ən çox əziyyəti öz torpaqlarında kartof becərən kəndlilər çəkir: “Maşınlarla su alıb əkin sahələrini suvarmaq imkanımız yoxdur. Belə olan halda, kartofun kiloqramını 2 manata satsaq belə, yenə də xərclərimiz özünü doğrultmayacaq”.
Lakin Tovuzdan olan fermer Mubariz Məmmədovun dediyinə əsasən, bu il kartofun məhsuldarlığında problem yaşanmayıb və o, məhsulu elə öz həyətindən 43 qəpiyə satıb.
Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirir ki, Azərbaycanda kartofun qiyməti regional bazarın təsiri ilə formalaşır və yaxın gələcəkdə qiymətlərin sabitləşəcəyini söyləmək üçün bütün əsaslar var.