AFFA tərəfindən "Keşlə" Futbol Klubuna "Şamaxı" adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub. Bu barədə 10 noyabr tarixində AFFA-nın rəsmi səhifəsində məlumat yayılıb.
Məlumatda deyilir ki, bu qərar bölgələrdə futbolun inkişafına dəstək olacaq, yeni stadionun səmərəli və müntəzəm şəkildə istismarına və azarkeşlərin marağının artırılmasına təkan verəcək. “Keşlə” FK-nın rəhbərliyi bu təklifi müsbət dəyərləndirib. Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə" FK-nın adı dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılacaq və klub ev oyunlarını Şamaxı şəhər stadionunda keçirəcək. "Keşlə" FK-nın aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Şamaxı şəhər stadionu cari ilin noyabrın 1-də açılıb. Stadion 2200 nəfər azarkeş tutumuna malikdir.