Azərbaycanda kitab və kağız məhsullarının idxalı və satışı ƏDV-dən azad edilir. APA-nın verdiyi məlumata əsasən, məsələ ilə bağlı bugün, 2 noyabr tarixində Milli Məclisdə Vergilər Məcəlləsinə ediləcək dəyişikliklərin ictimai müzakirəsi təşkil olunub.
Qanun layihəsinə görə, KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərsliklərin idxalı və satışı, həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərsliklərin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilir.
ƏDV-nin ləğv edilməsi kitab və digər çap məhsullarının, dərsliklərin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq, yeni iş yerlərinin açılmasına və sahibkarlığın inkişafına təkan verəcək.
Hazırda Vergi Məcəlləsinə əsasən, ümumtəhsil müəssisələri, peşə təhsili müəssisələri üçün dərsliklər (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.