Lənkəranda narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 12 nəfər saxlanılıb. Bu haqda noyabrın 15-də Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Belə ki, narkotiklərin satışında şübhəli bilinən rayon sakini S.Rəhmanlı tutulub. Axtarış zamanı ondan heroin aşkar edilərək götürülüb. Saxlanılan şəxsin narkotikləri rayon sakini X.Əzimovdan aldığı müəyyən edilib.
Həmin şəxs də polis tərəfindən tutulub. Onun üzərindən 38 qramdan artıq heroin tapılıb. Araşdırmalarla Əzimovun narkotiklərin V.Qurbanovdan əldə etdiyi bilinib. Axtarış zamanı ondan 61 qramdan artıq heroin, 11 qramdan artıq metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.
Bununla yanaşı, digər əməliyyatlar zamanı daha 9 narkotacir ifşa olunub.
Faktlarla bağlı araşdırmalar aparılır.
DİN-in məlumatına əsasən, bu ilin 9 ayı ərzində 2,7 ton narkotik dövriyyədən çıxarılıb. Ümumilikdə narkotiklə bağlı 6 420 fakt qeydə alınıb.