Ermənistan tərəfi Laçında Qaragöl ətrafında növbəti dəfə təxribat törətməyə cəhd göstərib. Bu barədə noyabrın 10-da Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, noyabrın 9-da günorta saatlarında 60-a yaxın erməni iki hərbi yük avtomobilində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində yerləşiblər. Onlar mövqelərarası yolu bağlayaraq ərazidə möhkəmlənməyə çalışıblar.
Azərbaycan Ordusu 60-a yaxın erməni hərbçisini mühasirəyə alıb və səhər saatlarında Rusiya tərəfinin xahişini nəzərə alaraq, onların geri dönməsinə şərait yaradıb.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyan edir ki, əgər buna oxşar təxribatlar gələcəkdə təkrarlanarsa, görüləcək tədbirlər daha sərt və təsirli olacaqdır.