Lənkəran şəhər İcra Hakimiyyəti Rəsilə Arifqızının Lənkəran şəhər Osman Mirzəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması barədə xəbərlərə açıqlama verib. Bu barədə 26 sentyabr tarixində İcra Hakimiyyəti İnsanoid-ə məlumat verib.
“Lənkəran ŞİH başçısının sabiq müavini Rəsilə Arifqızının Lənkəran şəhər Osman Mizəyev adına qarışıq tipli uşaq evinə direktor təyin olunması ilə bağlı mətbuatda və sosial şəbəkə seqmentində yayılan informasiyalar həqiqəti əks etdirmir”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, hazırda sözügedən vəzifə vakantdır.
Qeyd edək ki, 25 sentyabr tarixində Rəsilə Arifqızının qarışıq tipli uşaq evinə direktor təyin olması barədə xəbərlər yayılıb. Sözügedən xəbər sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb.
Xatırladaq ki, 2022-ci ildə Rəsilə Arifqızı 9-cu sinif şagirdini döydüyünə görə və yeniyetmənin mobil telefonunu əlindən alıb, şəxsi məlumatlarını yaxın qohumlarına göndərdiyinə görə icra başçısının müavini vəzifəsindən azad olunub. Faktla bağlı “vəzifə səlahiyyətlərini aşma” maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin hökmü ilə Rəsilə Arifqızı 4 min manat məbləğində cərimə olunub.