Füzulidə həyətyanı torpaqlar da nəzərdə tutulur, kəndlərdə hər bir evin təqribən ən azı 12 sot torpağı olacaq. Bu haqda Prezident oktyabrın 17-də Füzuli şəhərinin təməlqoyulma mərasimində bildirib.
Füzuli şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməli qoyulub.
Məlumata əsasən, 17,8 hektar ərazini əhatə edəcək məhəllədə ümumilikdə 2 860 nəfərin yaşaması planlaşdırılır. İlk mərhələdə 65 mənzilli 4-5 mərtəbəli yaşayış binaları tikiləcək.
Həmçinin məhəllədə iş mərkəzlərinin, mədəniyyət, ticarət və ictimai iaşə obyektlərinin inşası gözlənilir. Ərazidə velosiped yolları salınacaq, hovuzlar və fəvvarələr quraşdırılacaq.
Füzulidə İşğal muzeyi, Memorial Kompleks, ona bitişik Zəfər parkı və Bayraq meydanı yaradılacaq. Həmçinin ərazidə xəstəxana və Olimpiya İdman Kompleksi də tikiləcək.