Prezident oktyabrın 9-da Hadrutun azad edilməsinin ildönümü münasibətilə etdiyi çıxışında qeyd edib: “Hadrutun baş planının ilkin versiyası mənə təqdim edildi. Mənim bir çox iradlarım olub. Çünki hələ onun üzərində işləmək lazımdır. Ancaq hesab edirəm ki, yaxın 1 ay ərzində bizim memarlar, inşaatçılar yeni plan üzərində işləyəcəklər, təqdim olunacaq və biz onu təsdiq edəcəyik”.
Artıq Hadrutun bərpası işlərinə start verilib. Avtomobil yolunun təməli qoyulub. Dördzolaqlı Hadrut-Cəbrayıl, Hadrut-Füzuli avtomobil yolları çəkiləcək, “Hadrut” yarımstansiyası tikiləcək. Hadrutda məscidin tikintisinə də start verilib.
Prezident bildirib ki, Hadrutda ermənilər yaşamayıb, onlar XIX əsrdə İrandan köçürülüblər. “Hadrutun azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı. Birincisi ona görə ki, onlar hesab edirdilər, Azərbaycan Ordusu Hadrutu heç vaxt azad edə bilməz. İkincisi ona görə ki, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun inzibati mərkəzi idi, rayon mərkəzi idi”, - deyə prezident vurğulayıb.