“Korrupsiya ilə, rüşvətxorluqla ciddi mübarizə aparılmalıdır. Ən yüksək vəzifəli məmurlar məhkəmə qarşısında cavab verməli olublar və haqlı cəzalarını alıblar”. Bunu ölkə başçısı İlham Əliyev 12 yanvar tarixində yerli televiziya kanallarına müsahibəsində deyib.
Dövlət başçısı qeyd edib ki, o, Prezident vəzifəsində çalışdığı dövr ərzində çoxlu kadr dəyişikliyi edilib: “Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında ciddi kadr dəyişikliyi baş verib və bu, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq”.
“Əgər hansısa dövlət məmuru özünü dəmir barmaqlıqlar arxasında görmək istəmirsə və öz çirkin əməllərindən əl çəkə bilmirsə, o, vəzifədən könüllü çıxsın ki, özünü bədbəxt etməsin”, - deyə İlham Əliyev əlavə edib.
Dövlət Statistikasına əsasən, 2015-2020-ci illərdə 278 nəfər rüşvətxorluqda ittiham olunublar. 2020-ci ilin fevralında Neftçalanın, mayında İmişlinin, avqustunda Kürdəmirin, dekabrında isə Cəlilabadın icra başçıları korrupsiyaya görə həbs ediliblər.