Azərbaycanda koronavirus əleyhinə vaksinin 1-ci dozasını vuranların sayı 5 007 726-ya çatıb. Bu haqda Operativ Qərargah oktyabrın 21-də məlumat yayıb.
Ölkədə vurulan peyvəndlərin ümumi sayı 9 289 672 təşkil edir. Tam vaksinasiya olunanların sayı 4 281 946 nəfərdir.
Bir sıra ölkələrdə, o cümlədən qonşu ölkə olan Rusiyada COVID-19 virusunun yeni mutasiyası - AY.4.2 yayılmağa başlayıb. Onun hətta "Delta" ştamından daha yoluxdurucu olduğu, 1 nəfərin təxminən 9 nəfəri yoluxdura bilməsi barədə məlumatlar var.
TƏBİB-in rəsmisi Akif Qurbanov məsələ ilə bağlı munasibət bildirib: “AY.4.2 ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub. Buna əvvəl delta plyus deyilirdi”.
Onun sözlərinə görə, hazırda istifadə olunan vaksinlər AY.4.2 və ya "delta plyus" ştamına qarşı effektivdir.