Azərbaycanda müəyyən sənədlərin alınması və ya dəyişdirilməsi üçün tətbiq edilən dövlət rüsumları qaldırılır. Bu haqda Milli Məclisin noyabrın 1-də keçirilən iclasında təklif edilib.
Soyadın, adın və ata adının dəyişdirilməsinə görə dövlət rüsumu 10 manatdan 15 manata qaldırılır.
Sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumların qiyməti də fərqli olacaq. Dəyişikliyə əsasən, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 40 manata qaldırılır. Əvvəllər bu qiymət 20 manat təşkil edib. Traktorçu-maşinist vəsiqəsi üçün rüsum isə 50% artırılaraq 10 manat məbləğində müəyyənləşir.
Həmin sənədləri almaq üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat olacaq. Həmçinin, vəsiqələrin dəyişdirilməsinə görə rüsum 30 manata dəyişdirilir.
Daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın (“kupça”) verilməsi 30 manatdan 50 manata, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi isə 50 manatdan 75 manata artırılır.
Yuxarıda qeyd edilənlərlə yanaşı, nikahın qeydə alınması və pozulması üçün də tətbiq edilən dövlət rüsumları dəyişir. Nikahın qeydə alınması üçün dövlət rüsum 10, pozulması üçün isə 20 manat təşkil edəcək.