Azərbaycanda ağ yumurtanın qiyməti 13 qəpikdən 17-19 qəpiyə, sarı yumurtanın qiyməti isə 16 qəpikdən 20-22 qəpiyə yüksəlib. Kənd yumurtasının qiyməti 25 qəpikdən 30 qəpiyə qalxıb. Məhsulun bahalaşması haqqında oktyabrın 14-də Sputnik Azərbaycan araşdırma aparıb.
Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyevin sözlərinə görə, yumurtanın topdansatış qiymətində artım yoxdur: “İstehsalçılar yumurtanı 12-14 qəpikdən mağazalara verirlər. Mağazalar isə istədiyi qiyməti qoyub sata bilirlər”.
Sədr bildirib ki, yumurtanın qiymətinin artması qaçılmazdır: “Ölkəmizdə yerli yem istehsalı çox azdır. Xaricdən alınan yemin qiyməti həddindən artıq bahadır. Quşçuluq müəssisələrinə əkinə yararlı torpaq sahələri ayrılmalıdır ki, öz yem tələbatlarını ödəyə bilsinlər”.
Həmçinin Aydın Vəliyev yumurtanın qiymətinin bahalşmasının digər səbəbini idxal edilən yem və yem əlavələrinin ƏDV-yə cəlb edilməsində görür. O təklif edir ki, bu məhsullar sözügedən rüsumdan azad edilsin.
Statistikaya əsasən, 2021-ci ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə yumurta istehsalı 4% azalıb.