Ətraf mühitin çirklənməsi bütün dünyanın qlobal problemidir. Bir ölkədə atmosferin çirklənməsi digər ölkələrə də təsir edir. Bu barədə 13 sentyabr tarixində ekoloq Xosrov Musayev Sputnik Azərbaycan-a açıqlamasında məlumat verib.
Ekspertin sözlərinə əsasən, atmosferin təmiz saxlanılmasında meşələrin böyük rolu var, lakin Azərbaycanın problemi meşələrin sayının az olması ilə bağlıdır: "Vaxtilə meşələr 25-30% idisə, hazırda bu rəqəm 11%-dir. Hər il nə qədər ağac əksək də hələlik, bu rəqəm azdır".
Xosrov Musayev bildirib ki, atmosferin çirklənməsi əsasən Bakı, Gəncə və Sumqayıtda müşahidə olunur. Bunun səbəbi bu şəhərlərdə əhali ilə yanaşı avtomobillərin də sayının çoxluğudur.
"Atmosferin çirklənməsinin 60%-i avtomobillərdən atılan zəhərli tullantılarla əlaqədardır. Son dövrlər hibrid avtomobillərin ölkəyə gətirilməsinin müşahidə olunması müsbət tendensiyadır. Tramvay, troleybus, velosipedə üstünlük verməklə də, ətraf mühitə müsbət töhfə vermək olar".
Ekoloq, həmçinin məişət tullantılarının idarə olunması ilə bağlı da fikirlər söyləyib: "Yaxşı olardı ki, Balaxanıdakı zibil emalı zavodundan regionlarda da tikilsin. Xaricdə zibillər çeşidlənir, bizdə isə əksər ərazilərdə zibillər qarışıq yığılır".
Mövzu ilə əlaqəli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Rasim Səttar-zadə də rəy bildirib.
"Ekoloji tələblərə cavab verməyən müəssisələr bağlanır və ya modernləşdirilir. Bir sıra iri sənaye obyektləri şəhərdən kənara köçürülüb. Bütün bunlar sənayenin atmosfer havasına mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaldıb", - deyə nazirliyin nümayəndəsi söyləyib.
Rasim Səttar-zadə havanın təmizliyinin qorunması üçün atılan addımlardan danaşarkən elektromobillərin idxalının ƏDV-dən azad edilməsini xüsusi vurğulayıb.