Azərbaycan Müdafiə Nazirliyi Ermənistana xəbərdarlıq edib. Bu haqda 9 noyabr tarixində nazirliyin rəsmi səhifəsində məlumat verilib.
Bəyanatda bildirilir ki, qarşı tərəfin kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilib.
“Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır”, - bəyanatda deyilir.
Müdafiə Nazirliyi tərəfindən məlumat verilir ki, bu səfər qəsdən 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilib. Bununla Ermənistan rəhbərliyi regionda vəziyyəti gərginləşdirmək və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq istəyir.
“Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir”, - sözləri ilə bəyanat yekunlaşdırılıb.