Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbçisi şəhid olub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindən açılıb. Bu hadisənin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.
“Bu hal Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur”, - deyə Nazirlikdən bildirilib.