Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev mütəşəkkil dəstə halında 14 milyon 292 min manat pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasında şübhəli bilinir. O, həmçinin səlahiyyət həddini aşmada və sübutları saxtalaşdırmada təqsirləndirilir. Bu barədə Baş Prokurorluq 15 sentyabr tarixində məlumat verib.
Şübhəli bilinən barəsində həbs qətimkan tədbiri seçilib.
Qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov və şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov da təqsirləndirilən şəxslər qismində istintaqa cəlb ediliblər.
Cinayət işi üzrə ittiham aktı Bakı Hərbi Məhkəməsinə göndərilib.
Mövlam Şixəliyev MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində 2008-ci ildən 2014-cü ilə qədər çalışıb.