Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib. Bu haqda məlumat yanvarın 6-da qurumun saytında yerləşdirilib.
Jurnalda ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, çoxseçimli və açıq tipli test tapşırığı nümunələri azərbaycan və rus dillərində çap edilib. Jurnalı Nəsimidə A.Salamzadə küçəsi, 28 ünvanında yerləşən “Abituriyent” satış köşkündən, kitab mağazalarından və ya onlayn sifariş edərək əldə etmək mümkündür.
Xüsusi buraxılışın “Ön söz”ündə qeyd olunub ki, 2022/2023-cü tədris ili üçün test imtahanı bir dəfə fevral və ya mart ayında, ikinci dəfə isə may və ya iyun ayında keçiriləcək.
Həmçinin qəbul qaydalarının 2024-cü ildən dəyişdiriləcəyi bildirilib: “Bu ildən magistr olmaq istəyənlərin xarici dil üzrə yazı və danışıq bacarıqları da yoxlanılacaq”.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının 1-ci cəhdinin fevralın 20-də baş tutacağı nəzərdə tutulur.