“Gender bərabərsizliyinin özünü ən çox göstərdiyi sahələrdən biri əmək bazarıdır. Dünyada işsiz qadınların sayı kişilərdən xeyli çoxdur”.
Bunu Milli Məclisin deputatı Musa Quliyev oktyabrın 20-də “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxış edərkən bildirib.
Onun sözlərinə əsasən, ölkədə fəal kişilərin 51,8%-i, qadınların isə 48,2%-i məşğul əhalı qrupuna aiddir. “İşsizlərin 57,5%-ni qadınlar təşkil edir. Dünyada kişi əməyi 1 dollar, qadın əməyi isə 77 sentlə qiymətləndirilir. Ev işlərinin, ailə üzvlərinə qulluq kimi haqqı ödənilməyən iş saatlarının 77%-i qadınların payına düşür”, - deyə millət vəkili vurğulayıb.
Milli Məclisin komitə sədri, həmçinin Azərbaycanda evdar qadınlara müavinət verilməsini təklif edib.
Ölkədə hələ də sahibkar qadınların sayı kişilərdən 3,7 dəfə azdır. Yalnız təhsil sahəsində fəaliyyət göstərən qadınların sayı kişilərdən 1,8 dəfə çoxdur.