Mingəçevirdə saxta pul dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Bu barədə dekabrın 25-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Saxlanılanların Bərdə sakini Şamil Musayev və onunla qeyri-rəsmi münasibətdə yaşayan Ağdam sakini İlahə Məmmədova olduğu müəyyən edilib. Onların evlərinə keçirilən baxış zamanı oradan printer avadanlığı və ümumilikdə 49 ədəd 50, 20, 5 və 1 manatlıq saxta əsginaslar aşkarlanıb.
Məlum olub ki, həmin şəxslər printer vasitəsilə saxta pulları çap etdikdən sonra öz aralarında bölüşdürüb. Daha sonra ayrı-ayrılıqda taksi sürücülərinə və mağazalara həmin əsginasları təqdim ediblər.
Faktla bağlı cinayət işi başlanılıb.