Moskvada Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetində Fərman Salmanovun adına auditoriyanın və büstün açılışı olub. Açılışlar geoloqun 90 illik yübileyinə həsr olunub. Bu haqda oktyabrın 14-də APA məlumat yayıb.
Heydər Əliyev Fondunun dəstəyi ilə ərsəyə gələn büstün müəllifi Azərbaycanın Xalq rəssamı Natiq Əliyevdir.
Qeyd edək ki, 2019-cu ilin may ayında “Rusiyanın dahi adları” layihəsi çərçivəsində Rusiyanın Surqut hava limanına Fərman Salmanovun adı verilib.
Fərman Qurban oğlu Salmanov 60-cı illərin əvvəlində Sibirdə nəhəng Qərbi-Surqut neft yatağını kəşf etmişdir.
Görkəmli geoloq 160-dan artıq monoqrafiya və elmi əsərlərin müəllifidir. O, Xanti-Mansi və Yamalo-Nenets Muxtar dairələrinin, Surgut şəhəri və Texas ştatının fəxri vətəndaşı seçilmişdir.