Azərbaycanda kart sayında və nağdsız əməliyyatların həcmində artım var. Belə ki, sentyabr ayı ərzində dövriyyədə olan ödəniş kartlarının sayı 10 milyon 429 min təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 16% artıb. Bəs nağdsız əməliyyatların artımı dövlət büdcəsinə, banklara və cəmiyyətə necə təsir göstərəcək? Məsələ ilə bağlı 6 noyabrda Kaspi qəzeti bank məsələləri üzrə mütəxəssis Xəyal Məmmədlidən müsahibə alıb.
Mütəxəssis bildirib ki, ödənişlərin nağdsız formada həyata keçirilməsi dövlət büdcəsinə müsbət təsir edən faktordur: "Əməliyyatların plastik kartlar vasitəsilə aparılması iqtisadiyyatın şəffaflaşmasına, kölgə iqtisadiyyatının aradan qalxmasına təsir göstərir. Çünki kartla aparılan əməliyyatlar rəsmi qaydada olur”.
Xəyal Məmmədov əlavə edib ki, ödənişlər nağd əməliyyatlardan fərqli olaraq nağdsız qaydada aparıldıqda, həmin əməliyyatlara nəzarət etmək imkanı yaranır.
"Pul nağd formada vətəndaşda olanda bank bu vəsaitlərdən istifadə edə bilmir. Kart sayı çoxaldıqca, insanlar nağdsız ödənişlərə üstünlük verdikcə evlərdə nağd qaydada olan pullar bank hesablarında saxlanılır. Bu da bankların likvidliyinə müsbət təsir göstərir”, - deyə mütəxəssis nağdsız ödənişlərin banklara olan faydasından danışıb.
Həmçinin X.Məmmədov kart sayının artmasının cəmiyyətə təsirini şərh edib: “Aparılan əməliyyatlar şəffaf olduqda, kölgə iqtisadiyyatı aradan qalxdıqda dövlət büdcəsinin gəlirləri artacaq. Bu da dövlətin daha güclü olmasına gətirib çıxaran faktordur. İnsanlar da ondan faydalanacaqlar. İstər infrastruktur layihələri olsun, istər aztəminatlı ailələrə dövlət dəstəyi, istərsə də bütün digər güzəştlər”.