Külli miqdarda narkotik əldə etmə və qaçaqmalçılıqda təqsirləndirilən Qadir Baladadaşova və Səbuhi Həsənova Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Bu barədə 5 noyabr tarixində Report məlumat verib.
Belə ki, onlar müvafiq olaraq 20 və 19 il müddətinə azadlıqdan məhrum ediliblər.
Cari ilin əvvəlində Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Q.Baladadaşovun Binəqədi rayonunda yaşadığı evə baxış keçiriblər. Nəticədə onun evindən ümumi çəkisi 80 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə, 500 ədəd narkotik tərkibli satışı qadağan edilən metadon həbləri və 1 ədəd elektron tərəzi götürülüb.
Araşdırma zamanı müəyyən olunub ki, Q.Baladadaşov narkotik vasitələri xarici ölkə vətəndaşından əldə edib. Həmin xarici ölkə vətəndaşının tapşırığı ilə adı çəkilən şəxs narkotikləri Bakı şəhərində müxtəlif şəxslərə çatdırmalı və satmalı imiş. Müəyyənləşib ki, bu işdə ona qohumu S.Həsənov kömək edib.