Naxçıvan gömrükçüləri narkotik qaçaqmalçılığı üzrə cəhdin qarşısını alıb. Bu barədə yanvarın 7-də Naxçıvanın Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Belə ki, Naxçıvandan tranzit keçməklə Türkiyəyə, oradan da Almaniyaya mebel və xalça yükü aparan “DAF” markalı nəqliyyat vasitəsi saxlanılıb. Avtomobilin qoşqusuna baxış keçirilən zaman kreslo və divanın qoltuq hissələrində gizlədilmiş bağlamalarda 47 kiloqram 376 qram tiryək tapılıb.
Faktla bağlı “qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi” maddəsi ilə cinayət işi açılıb.