Bakının Sabunçu rayonunda oğurlanan 2 yaşlı uşağın atası Elgün Nəsirov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi yanvarın 10-da məlumat verib.
Hadisə ilə bağlı “adam oğurluğu” maddəsi ilə cinayət işi başlanılıb. Beyləqan rayon sakini Gültəkin Muradova, onunla birlikdə qeyri-rəsmi nikahda olan Ağdam rayon sakini Şamil Əliyev və uşağın atası Elgün Nəsirov istintaqa cəlb ediliblər.
Faktla bağlı araşdırma davam edir.
Daha öncə, dekabrın 29-da körpə özünü sosial yardım işçisi kimi təqdim etmiş qadın tərəfindən oğurlanılıb. Daha sonra isə uşağın valideynləri yaşayış yerini dəyişiblər. Ailənin daha 4 övladı uşaq evinə yerləşdirilib. Qonşuların sözlərinə görə, körpənin valideynləri narkomaniyadan əziyyət çəkirlər.