«Doktorantura təhsilim zamanı xərçəng xəstəliyinin öyrənilməsində və müalicəsində tətbiq edilən ən müasir metodlara yiyələnərək tədqiqatlar aparmışam və mühüm nəticələr əldə etmişəm».
İnsanoid xəbər verir ki, bu sözləri «Kaspi» qəzetinə müsahibəsi zamanı İngiltərənin Oksford universitetində Onkologiya ixtisası üzrə təhsil alan yeganə azərbaycanlı tələbə Gülnar Abdullayeva deyib.
Gülnar 1995-ci ildə Bakıda anadan olub. 2012-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin biologiya fakültəsinə daxil olub. Universitetdə təhsil aldığı müddətdə yüksək təhsil göstəriciləri, həmçinin ictimai fəallığına görə 2013-2015-ci illərdə «İlin ən yaxşı tələbəsi» adına layiq görülüb, fəxri fərmanla təltif edilib. 2016-cı ildə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun molekulyar biologiya ixtisası üzrə magistratura pilləsinə qəbul olub. Elmi fəaliyyətdə fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Fəxri fərmanı ilə təltif olunub. 2018-2019-cu illərdə İslam İnkişaf Bankının PHD doktorantura təhsili üzrə təqaüd proqramının qalibi seçilib. Gülnar Abdullayeva İngiltərənin Oksford universitetində Onkologiya ixtisası üzrə təhsil alan yeganə azərbaycanlıdır. O, doktorantura təhsilini bu il bitirib.