Qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilən narkotik vasitə - metadonun realizə olunmasının qarşısı alınıb. Bu barədə mayın 12-də Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Qabil Aslanov paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində üzərində olan bağlamadakı 200 ədəd metadon həbini gömrük əməkdaşına satarkən saxlanılıb.
Araşdırmalar nəticəsində məlum olub ki, metadonu Qabil Aslanova təhvil verən şəxslər narkotik vasitəni satış məqsədi ilə Azərbaycana qaçaqmalçılıq yolu ilə gətiriblər. Rza Mirzəli, Əfsanə Rəsulova və Pərvin İsmayılzadə müəyyən edilərək saxlanılıblar. Onlardan 760 metadon həbi, 105 qram tiryək və 68 qram metamfetamin götürülüb.
Sözügedən şəxslər barəsində cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə hər birinin barəsində həbs qətimkan tədbiri seçilib.