Daşkəsəndəki “Çovdar” Filiz Emalı Sahəsində yerləşən filiz emalı zavodu 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək. Bu haqda aprelin 7-də “AzerGold” QSC-nin rəsmi səhifəsində məlumat verilib.
Cari ildə istismara verilməsi planlaşdırılan Göygölün yaxınlığındakı “Tülallar” mədənində hasil ediləcək filizlərin də bu zavodda emal edilməsi hədəflənir.
Eyni zamanda, zavodda “Tülallar”la yanaşı, “Çovdar”, “Mərəh”, “Ağyoxuş 2” və “Nərimanlı” yataqlarından da çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.
Məlumatda qeyd olunub ki, “Tülallar” mədəninin işə salınması əhalinin, xüsusilə də gənclərin məşğulluğunun artmasına, ümumilikdə bölgənin iqtisadi inkişafına töhfə verəcək.