Pambıqçılıqla məşğul olan fermerlər əkinə çəkilən xərclərin çox olduğundan və əkin üçün ayrılan pulların kifayət etmədiyindən şikayatləniblər. Bu barədə 21 avqust tarixində Sputnik.az reportaj hazırlayıb.
“Bu il dizel yanacağının qiymətinin qalxması bizim işimizi daha da çətinləşdirdi. Bir hektar pambığın becərilməsi üçün çəkilən xərc keçən il üçün 1200 manat idi, bu il isə 1800 manatı ötür. İndi siz deyin, artırılan 50 manat hansı problemimizi düzəldə bilər?”, - deyə fermer Aydın Əzimov sual verib.
Fermer Əli Allahyarov isə pambığa verilən gübrələrin qiymətinin yüksək, keyfiyyətinin aşağı olmasından gileylənib. Onun sözlərinə görə, ötən il bir hektara vurulan gübrənin bu il iki qatı vurulsa da, yenə də xeyri olmayıb.
Fermerlərdən fərqli olaraq, iqtisadçı-ekspert Cəfər İbrahimli pambıq əkininin sahibkarlar üçün sərfəli olduğunu iddia edib.
“Təxminən 16-17 sentner orta məhsuldarlıq pambığın maya dəyərini ödəyir. 2020-ci ildə Azərbaycanda pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, o deməkdir ki, Azərbaycanda fermerlər pambıqdan pul qazanırlar”, - iqtisadçı Cəfər İbrahimli bildirib. Ekspert qeyd edib ki, fermerlərə təhvil verilən pambığın hər tonuna görə 100 manat, pambıq əkini sahəsinin hər hektarına görə isə 260 manat subsidiya verilir.
Pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər arasında əldə olunan razılaşmaya görə, 18 avqust tarixindən etibarən pambığın alış qiyməti hər növ üzrə 50 manat artırılıb. 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 700 manat, 2-ci növün qiyməti 680 manat, 3-cü növün qiyməti 640 manat, 4-cü növün qiyməti isə 600 manat təşkil edir.