Sosial Tədqiqatlar Mərkəzi 1254 Bakı sakini arasında nəqliyyatdan istifadə ilə bağlı telefon sorğusu keçirib. Araşdırmanın nəticələri Mərkəzin saytında 30 noyabr tarixində yerləşdirilib.
Sorğuda iştirak edənlərin 63%-i avtobusdan, 37%-i isə müntəzəm olaraq şəxsi minik avtomobilindən istifadə edir. Avtobus istifadəçilərinin 97%-i getdikləri ünvana çatmaq üçün 1 və ya 2 avtobusa minir.
Araşdırmaya əsasən, avtobusa minənlərin 38%-i ayda 500 manatdan aşağı qazanır. Minik avtomobili sürənlərin yarısından çoxu 750 manatdan yuxarı gəlir əldə edir.
Sorğudan məlum olub ki, avtobusdan istifadə edənlərin 71%-ni qadınlar təşkil edir. Minik avtomobillərdə isə vəziyyətin tam əksi qeydə alınıb – sürücülərin 79%-i kişilərdir.
Həmçinin araşdırmada avtobus sərnişinlərinin məmnuniyyəti dəyərləndirilib. Belə ki, avtobuslardan istifadə edənlərin ən az məmnun qaldığı cəhət dayanacaqlarda quraşdırılmış monitorlarda verilən məlumatlar, sərnişinlərin sıxlıq dərəcəsi, karta vəsait yükləmək üçün ödəniş terminallarının yerləşməsi və əlil arabası üçün xüsusi yerin olmamasıdır. Respondentlərin əksəriyyətinin məmnun qaldığı məqam isə BakuBus avtobuslarının salonunun təmizliyidir.