Bakıda avtobusla avtomobil toqquşub, iki nəfər ölüb. Bu barədə 25 sentyabr tarixində Report məlumat verib.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Sakit Qocayev küçəsində yerləşən “Sünbül” Şadlıq Sarayının qarşısında qeydə alınıb.
Üzü Zığ qəsəbəsi istiqamətində hərəkətdə olan Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobillə Zığ qəsəbəsindən üzü Bakıxanov qəsəbəsi istiqamətində hərəkətdə olan Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli xətt avtobusu toqquşub. Nəticədə "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduqları xəsarətlərdən hadisə yerində ölüblər, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.