Bakının Suraxanı rayonunda son 10 gün ərzində narkotik satan, silah saxlayan və oğurluq edən 26 nəfər saxlanılıb. Bu haqda noyabrın 6-da Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Əməliyyat zamanı ilk olaraq Hövsan və Əmircan qəsəbələrində silah saxlayan şəxslər tutulub. Onlardan tapança, qumbara, tüfənq və s. sursatlar aşkarlanıb.
Keçirilən digər əməliyyat zamanı isə narkotiklərin dövriyyəsi ilə məşğul olan Zaur Ağayev saxlanılıb. Onun yaşadığı ünvandan 1,27 kiloqram marixuana, 18 qram heroin, 48 qram metamfetamin və 10 ədəd psixotrop tərkibli metadon və preqabalin həbi tapılıb. Orada sənədi olmayan ov tüfəngi də aşkar edilib.
Bununla yanaşı Hövsan, Yeni Günəşli, Əmircan və Bülbülə qəsəbələrində narkotiklərin dövriyyəsi ilə məşğul olan 20 nəfər həbs edilib. Həmçinin evlərdən oğurluq edən 3 şəxs saxlanılıb.
Nəticədə Suraxanı rayonunda ümumilikdə 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
DİN-in məlumatına əsasən, bu ilin 9 ayı ərzində 2,7 ton narkotik dövriyyədən çıxarılıb. Ümumilikdə narkotiklə bağlı 6 420 fakt qeydə alınıb.