Daxili İşlər Nazirliyi bildirib ki, Bakıda polis bölməsində qadının həyat yoldaşını bıçaqlaması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. Bu haqda martın 9-da Report xəbər paylaşıb.
Məlumata görə, vətəndaş 102-yə zəng edərək həyat yoldaşının ona övladlarını göstərməməsi səbəbindən intihar edəcəyini bildirib. Daha sonra sözügedən şəxs və onun həyat yoldaşı polis bölməsinə çağırılıblar. Onların mübahisəsinin həlli üçün məhkəməyə müraciət etmələri tövsiyə edilib.
Hər iki şəxs bölməni tərk edəndən sonra vətəndaş yenidən polisə müraciət edərək qadının küt alətlə onun qol nahiyəsinə xəsarət yetirdiyini deyib. İnsident polis şöbəsinin həyətində baş verməyib.
Faktla bağlı araşdırma davam edir. Hər iki şəxsin izahatları alınıb və ekspertiza təyin edilib.