Prezident İlham Əliyev Bakıda cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzində əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub. Bu barədə 27 noyabr tarixində Prezidentin Mətbuat Xidməti məlumat verib.
Olimpiya növləri üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi 1967-ci ildə istifadəyə verilib. Bir vaxtlar “Neftçi” təlim-məşq bazası kimi şöhrət tapan bu idman kompleksi şəhərin mərkəzində - Azadlıq prospekti, 149 ünvanında yerləşir. Kompleksin adı 1997-ci ildə dəyişdirilərək Olimpiya növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzinə çevrilib. İdman qurğusu fəaliyyətini bundan sonra cüdo üzrə milli komandalar üçün Təlim-Məşq Mərkəzi kimi davam etdirəcək.
Mərkəzdə qadınlar və yeniyetmələr üçün böyük idman zalı yaradılıb. Burada eyni zamanda 60 idmançı məşq edə biləcək.
Əsaslı təmir zamanı Təlim-Məşq Mərkəzinin uzunluğu 96 metr və eni 72 metr olan stadionunun süni ot örtüyü də dəyişdirilib.
Burada kişilər və gənc oğlanlar üçün nəzərdə tutulan məşq zalında eyni vaxtda 100 idmançı məşq edə biləcək.
Təlim-Məşq Mərkəzinin əhəmiyyətini artıran amillərdən biri də burada 28 yerlik müasir hotel bölməsinin yaradılmasıdır.
Qeyd edək ki, 2023-cü ildə Gəncə, Ağstafa, Zaqatala, Goranboy, Zəngilan rayonunun Ağalı kəndi, Sabirabad, Zirə və Sumqayıtda cüdo zalları istifadəyə verilib.
[gallery link="file" size="full" ids="139475,139476,139474"]