Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib. Bu barədə President.az oktyabrın 2-də məlumat yayıb.
İntervüdə dövlət başçısı yalnız bu il üçün azad olunan ərazilərin yenidən qurulmasına 1,3 milyard dollar ayrıldığını bildirib: “Burada ilk maneə minalardır. Artıq mülki əhali üçün qəsəbələri, şəhərləri və kəndləri tikməyə başlamışıq”.
Müxbirin sualına cavab olaraq, İlham Əliyev Ermənistanın baş naziri Paşinyanla görüşməyə hazır olduğunu qeyd edib. Prezidentin sözlərinə görə, danışıqlar və təmaslar başlayıb. Həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində iki ölkənin xarici işlər nazirlərinin görüşünün baş tutduğu qeyd edilib.
Müsahibədə Avropa İttifaqının dəstəyindən də bəhs edilib. “Avropa İttifaqı Ermənistan üçün 2,6 milyard avro həcmində iqtisadi yardım paketinin hazırlanması prosesindədir. Bizim gözləntimiz həmin həcmdə məbləğin Azərbaycana da təklif edilməsidir”, - deyə ölkə başçısı vurğulayıb.
Son olaraq qaz ehtiyatları müzakirə olunub. Prezidentin dediklərinə əsasən, Azərbaycanda təbii qazın ehtiyatları 2,6 trilyon kubmetrdir: “Belə həcm öz istehlakımız və ixrac üçün ən azı 100 ilə kifayət edər”.