Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə işgüzar səfərdə olarkən dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibə verib. Bu haqda president.az məlumat yayıb.
Müsahibədə dövlət başçısı Brüsseldə Ermənistan və Avropa İttifaqı (Aİ) Şurası rəhbərləri ilə görüşündən bəhs edib: “Dəmir yolunun tikintisi haqqında qərar qəbul edilib. Bu yol 2023-cü ilin sonunadək hazır olmalıdır. Ümid edirik ki, Ermənistan ev tapşırığını yerinə yetirəcək”.
Həmçinin Aİ-nin Ermənistana 2 milyard dollar həcmində dəstək paketinin verməsi danışılıb. Müxbirin sualına cavab olaraq prezident bildirib ki, Azərbaycana 140 milyon avronun ayrılması xoşagəlməz bir sürpriz oldu. O əlavə edib ki, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb və regionda bərpa işləri olduqca baha başa gəlir.
“Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik. Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi istər ianə olsun, istərsə də kredit, Azərbaycanla eyni olmalıdır”, - deyə ölkə rəhbəri əlavə edib.
İntervüdə Minsk qrupu barədə də söz açılıb. “Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi. Əgər Minsk qrupunun həmsədrləri - dünyanın aparıcı ölkələri Ermənistanın işğalına son qoya bilmədilərsə və ya bunu etmək istəmədilərsə, bu, o deməkdir ki, onların fəaliyyəti uğursuz idi”, - deyə İlham Əliyev vurğulayıb.
Müsahibədə, həmçinin Azərbaycanın qaz ixraci haqqında məsələ işıqlandırılıb: “Yanvarın 1-dən başlayaraq biz İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq”.