Prezident oktyabrın 20-də Zəngilan rayonunun Ağalı kəndinə səfəri zamanı “Ağıllı kənd” layihəsi çərçivəsində icra edilən işlərlə tanış olub. Kənd təsərrüfatı naziri burada 110 hektardan çox ərazidə aparılan tikinti işləri haqda məlumat verib.
Məlumata əsasən, 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi davam etdirilir. Burada piyada və velosiped yolları da çəkiləcək.
İçməli su, çirkab və sel suları xətlərinin qazma işlərinə başlanılıb. Ağıllı kənd təsərrüfatında müasir suvarma sistemlərindən istifadə olunacaq.
Layihə çərçivəsində ictimai fermanın da qurulması planlaşdırılır. Fermada 250 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu mal-qaranın saxlanması mümkün olacaq.
İşlərin ilin sonuna kimi yekunlaşması gözlənilir.
“İşğala qədər Zəngilan rayonunun əhalisi təqribən 30 mindən bir qədər çox idi. İndi 45 minə çatıb və əminəm ki, zəngilanlıların hamısı gəlib burada, belə bir gözəl yerdə, doğma vətəndə yerləşəcək", - deyə dövlət başçısı səfəri zamanı bildirib.