Bakı məktəblərində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edilir. Bu haqda 1 fevral tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) istinadən Report məlumat verib.
İşə qəbulda ali təhsil müəssisələrini psixoloq ixtisasları üzrə bitirmiş Azərbaycan vətəndaşları (və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər) iştirak edə bilərlər.
Sözügedən vəzifə üzrə işə qəbul olmaq istəyənlər link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Qeydiyyat fevralın 14-ü bitəcək.
Müsabiqə 5 mərhələdən (elektron qeydiyyat, elektron ərizələrin yoxlanılması, test imtahanı, müsahibə mərhələsi və vakant yerlərin seçimi) ibarətdir. Test imtahanı mərhələsində namizədlərə 40 sual veriləcək. Onlardan 30-u psixologiya, 5-i məntiq, 5-i İKT üzrə olacaq.
Ətraflı məlumat üçün BŞTİ-nin Çağrı Mərkəzinə (146-1) müraciət etmək olar.